Dövlət Vergi Xidməti mükafata layiq görüldü - FOTO

02:00 02-04-2021

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dünya üzrə kommersiya qeydiyyatçılarının 60-a yaxın qurumunu özündə birləşdirən Korporativ Qeydiyyatçılar Forumunun (CRF) İnnovasiya Mükafatına layiq görülüb.

Dövlət Xidmətindən verilən məlumata əsasən, mükafat müsabiqənin nəticələrinə həsr olunmuş və bütün CRF üzvlərinin iştirak etdiyi “CRF İnnovasiya Mükafatları Virtual Mərasimi” zamanı Azərbaycan tərəfinə təqdim edilib.

Müsabiqə CRF tərəfindən 2020-ci ilin may ayında iki nominasiya - CRF İnnovasiya Mükafatı (Mükəmməllik - Excellence) və CRF İnnovasiya Mükafatı (Təqdir - Commendation) üzrə elan edilib. Dekabrın 31-dək davam edən müsabiqədə Dövlət Vergi Xidməti “Bir prosedurla dövlət qeydiyyatı” (State registration with single procedure) layihəsi ilə çıxış edib və müsabiqənin nəticələrinə əsasən, “Təqdir” kateqoriyasında qalib gəlib.

Dövlət Vergi Xidmətinin rəis müavini Orxan Nəzərli bildirib ki, qurum rəqəmsal texnologiyalar vasitəsilə qeydiyyat prosedurlarının asanlaşdırılması istiqamətində fəal iş aparır və bir prosedurla sürətli qeydiyyat bu nailiyyətlərdən biridir. O, Xidmətin vergi ödəyicilərinə hərtərəfli və müasir xidmətlər göstərmək üçün yeni layihələr üzərində işləməyə davam edəcəyini vurğulayıb.

Qeyd edilib ki, CRF-nin “Təqdir” mükafatına Azərbaycanla yanaşı, Sinqapur, Sloveniya, Cənubi Afrika Respublikası və Birləşmiş Krallığın qeydiyyat qurumları da layiq görülüb.

Xəbər lenti

0.27184391021729