Şuşaya “İsgəndər”in atmasını araşdırmaq üçün komissiya yaradılsın – TƏKLİF

13:20 01-04-2021

“İsgəndər” raketlərinin Azərbaycan ərazisinə atılmasına dair hərənin öz versiyası var. Əsas məsələ isə budur ki, bununla bağlı ciddi araşdırmalar aparılmalıdır”.

Bunu Oxu.Az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib.

Martın 30-da “Caliber.az” portalı ANAMA əməkdaşına istinadən müharibə dövründə Ermənistanın Şuşaya “İsgəndər” raketi atdığını yazıb.

Bunun ardınca isə bildirildi ki, raketin Ermənistan ordusunun ixtiyarında olan “İsgəndər E” indeksli modelə deyil, məhz Rusiya Silahlı Qüvvələrinin istifadə etdiyi “İsgəndər M” modifikasiyasına aid olması ciddi suallar doğurur. 

Deputat A.Nağıyev bildirib ki, düşən raket mərmisinin nömrəsinə uyğun olaraq, onların hansı dövlətin ərazisindən və hansı məsafədən atıldığını müəyyənləşdirmək olar.

Millət vəkili məsələnin araşdırılması üçün müvafiq komissiyanın təşkil olunmasının vacibliyini diqqətə çatdırıb.

“Komissiya yaradılmalıdır və bu komissiya məsələyə birmənalı şəkildə qiymət verməlidir”, - deyə A.Nağıyev əlavə edib.

Komitə üzvü Ermənistanın Baş naziri Nikol Paşinyanın “İsgəndər” atdıqlarına və onların partlamadığına dair bəyanat səsləndirdiyini də xatırladıb. Ancaq Rusiyanın təzyiqlərindən sonra N.Paşinyan dediyi sözləri geri götürdü.

Parlamentari qeyd edib ki, əgər komissiya yaradılsa, “İsgəndər” raketi olan dövlətlərlə bağlı araşdırmalar aparmalıdır.

O, komissiyanın hansı tərkibdə formalaşması barədə təkliflər də verib.

“Müdafiə Nazirliyinin sorğusu əsasında, həm ANAMA, həm Müdafiə Sənayesi Nazirliyi və digər hərbi qurumlar komissiyada təmsil olunmalıdır”, - deyə A.Nağlyev fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Şuşada qalıqları tapılan “İskəndər”lərin üzərindəki “M” nişanları onların məsələn, Gümrüdəki 102-ci Rusiya hərbi bazasından buraxılmasını ehtimalını da gücləndirir.

Aqşin Kərimov

Xəbər lenti

0.38186597824097